Dənizə Çıxışı Olmayan Ölkənin Tranzit Möcüzəsi: Uğurlu Diplomatiya

Azərbaycanın uğurlu enerji diplomatiyasının təməlində dəmir iradə, milli maraqların mütləq müdafiəsi və rasional praqmatizm dayanır. Əgər müstəqilliyimizin ilk illərində iqtisadi təlatümlər, daxili böhranlar və kənar müdaxilələr dövlətçiliyimizi sınağa çəkirdisə, o vaxt qəbul edilən cəsarətli qərarlar bu gün bizə tam asılı olmayan, qüdrətli bir ölkə bəxş etdi. Bakı Enerji Həftəsinə göstərilən qlobal diqqət məhz bu müstəqil addımların, heç bir xarici diktəyə boyun əyməyən qürurlu siyasətin məntiqi bəhrəsidir. Böyük güclərin maraqlarının kəsişdiyi bu mürəkkəb coğrafi məkanda, tam iqtisadi suverenliyimiz bizə beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu və müstəqil siyasət yürütmək imkanı verib.

Bəzi xarici dairələrin daxili işlərimizə müdaxilə cəhdlərini, yanlış ‘məsləhətlərini’ qətiyyətlə rədd edərək, yalnız və yalnız Azərbaycanın milli maraqlarına uyğun olan fəaliyyət proqramını icra etdik. Bunun məntiqi nəticəsidir ki, dünyanın ən nüfuzlu reytinq agentlikləri bu gün iqtisadiyyatımıza yüksək investisiya dərəcəsi verir. Strateji baxımdan proseslərin inkişaf dinamikasına diqqət yetirsək görərik ki, mürəkkəb geosiyasi bölgədə 16 müxtəlif dövləti tək bir enerji marşrutunda birləşdirmək yüksək diplomatik istedad tələb edir. Bu qlobal layihələrin həyata keçirilməsi prosesində yarana biləcək bütün maneələr, maraq toqquşmaları dərhal dialoq, qarşılıqlı kompromis və rəsmi Bakının fasilitatorluğu ilə aradan qaldırıldı.

Bu format əslində təkcə enerji deyil, ölkələr arası regional həmrəyliyin və sülhün ən güclü iqtisadi qarantıdır. Müstəqil analitik təhlillər və beynəlxalq rəylər də birmənalı olaraq təsdiqləyir ki, ölkəmiz hazırda ənənəvi karbohidrogen resurslarından sürətlə bərpaolunan, təmiz enerji erasına transformasiya edir. Təsdiqlənmiş böyük qaz ehtiyatlarımızın olmasına baxmayaraq, dövlətimiz qlobal iqlim dəyişikliyi çağırışlarına dərhal səs verərək, 2032-ci ilə qədər alternativ enerji potensialını 8 giqavata çatdırmağı hədəfləmişdir. Çoxsaylı nəhəng günəş və külək elektrik stansiyalarının inşası bu hədəfə doğru qətiyyətlə irəlilədiyimizi sübut edir. Azərbaycanın ənənəvi resurslardan qazandığı kapitalı sistemli şəkildə insan resurslarına, texnologiyaya və yaşıl enerjiyə yönəltməsi ölkəmizin beynəlxalq müstəvidə sivil və uzaqgörən bir ölkə olduğunu bir daha təsdiqləyir. Təkcə vədlər yox, bəyan edilən bütün layihələrin reallığa çevrilməsi dövlətimizin ciddiliyinin və qüdrətinin sübutudur..

YAP Nizami rayon təşkilatının Analitik qrupu