Azərbaycanın müasir müstəqillik tarixinin və iqtisadi suverenliyinin əsas bünövrəsi, heç şübhəsiz, uzaqgörənliklə işlənib hazırlanmış enerji strategiyasına əsaslanır. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki dərin məzmunlu çıxışı ölkəmizin keçdiyi bu şanlı inkişaf modelinin konseptual anatomiyasını tam mənası ilə ortaya qoyur. Zamanilə fəaliyyətə başlayan Xəzər Neft və Qaz Sərgisi, sadəcə bir sərgi olmaqdan çıxaraq, bu gün dünya liderlərinin mühüm mesajlar ünvanladığı qlobal bir platformaya — Bakı Enerji Həftəsinə çevrilmişdir.
ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Starmer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbirə xüsusi məktublar göndərməsi respublikamızın qlobal enerji xəritəsindəki yerini aydın nümayiş etdirir. Ölkəmizin keçdiyi tarixi transformasiyanı dəyərləndirərkən 1994-cü ilin reallıqlarını unutmamaq lazımdır. Həmin dövrdə gənc müstəqil Azərbaycan iqtisadi iflic, daxili siyasi xaos və Ermənistanın işğalçılıq siyasəti ilə üz-üzə idi.
Ölkədə yoxsulluq həddi 50 faizi aşmışdı və bir milyondan çox qaçqın və məcburi köçkünün minimal yaşayış ehtiyaclarını qarşılamaq üçün dövlətin maliyyə vəsaiti yox idi. Belə bir böhran anında yeganə çıxış yolu təbii resursları xarici investorlar üçün açıq elan etmək və əldə olunan kapitalı dövlət quruculuğuna yönəltmək idi. Azərbaycan bu cəsarətli addımı atdı və milli sərvətlərini xalqın və dövlətin gələcək xilasına xidmət etdirən mükəmməl bir iqtisadi silaha çevirdi..
YAP Nizami rayon təşkilatının Analitik qrupu